NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

AZƏRBAYCAN DİLİNDƏ İNGİLİS DİLİNƏ MƏXSUS İCTİMAİ ƏMƏK PROSESİ, PEŞƏKARLIQ VƏ SƏNƏTKARLIQ ANLAYIŞLARI BİLDİRƏN REALİLƏR

Xülasə

Realilərin bir dildən digərinə keçidi dillərarası qarşılıqlı əlaqə yaradılması üçün mühüm bir bünövrə təşkil edir. Artıq müasir dövrdə informasiya-kommunikasiya şəraiti sayəsində elə bir əlverişli mühit formalaşmışdır ki, insanlar bir-biri ilə yaxınlaşma imkanı əldə edir, cəmiyyətin ictimai-siyasi, mədəni-kütləvi və məişət həyatında qarşılıqlı mübadilə iştirakçısına çevrilə bilirlər. Artıq mədəniyyətlərarası əlaqələrin sərhəd tanımadığı qlobal dünyada elə bir mərhələ yetişmişdir ki, bir dildən başqa dilə söz keçidi bir mərhələli, biristiqamətli stereotiplərə sığışmır. Yəni indiki dünyada söz keçidi ilə əlaqədar hegemon dil anlayışı təsəvvürlərdən çıxmışdır. Bu prosesdə ancaq inteqrasiyadan, qarşılıqlı əlaqələrdən, ictimai və mədəni-məişətlə bağlı humanitar münasibətlərin yaxınlaşmasından söhbət gedə bilər. Azərbaycan dilinə ingilis dilinə məxsus realilərin axını burada təhlil edilən nümunələrlə yekunlaşmır. İctimai-siyasi, etnomədəni, iqtisadi və digər işgüzar kommunikasiyaların genişlənməsi ilə əlaqədar bu tipli alınmaların şəbəkəsinin genişlənəcəyi də istisnalıq təşkil etmir. Mümkündür ki, xalqlararası inteqrasiyaların genişlənməsi ictimai təsəvvürdə və dünyagörüşdə yaxınlaşmaların artması şəraitində ana dilinə daxil olan əcnəbi realilərin populyarlaşmasına təsir göstərə bilsin. Bunun nəticəsində isə realilər artıq ümumişlək söz kimi işlənmə funksiyası qazanmaq imkanlarına malik ola bilər.