AZƏRBAYCAN RESPUBLİKASININ REGİONLARININ XARİCİ MƏDƏNİ VƏ İQTİSADİ ƏLAQƏLƏRDƏ İŞTİRAKININ QANUNVERİCİLİK BAZASI
Xülasə
Təqdim olunan məqalədə Azərbaycan Respublikası regionlarının xarici mədəni və iqtisadi əlaqələrdə iştirakının bəzi normativ və siyasi-hüquqi aspektləri araşdırılır. Bu sahədə normativ aktların və mövcud reallıqların təhlili belə qənaətə gəlməyə imkan verdi ki, Azərbaycanın qoşulduğu ikitərəfli və çoxtərəfli müqavilə və sazişlər ölkəmizin regionlarının transsərhəd və regionlararası əməkdaşlığı üçün geniş imkanlar açır. Ölkənin üzərinə götürdüyü çoxşaxəli beynəlxalq öhdəliklər regionların sosial-iqtisadi inkişafı, mədəni layihələrin həyata keçirilməsi, Azərbaycanın və onun regionlarının dünyada tanıdılması üçün əlverişlidir. Aparılmış təhlillər deməyə imkan verir ki, Azərbaycan Respublikasının unitar quruluşu onun regionlarının beynəlxalq əməkdaşlıqda müstəqil qurumlar kimi deyil, Azərbaycan dövlətçiliyinin üzvi tərkib hissələri kimi iştirakını müəyyən edir. Bu, müəyyən tarixi, siyasi və coğrafi şəraitə və səbəblərə görə fərqli hüquqi və dövlət statusuna malik olan Naxçıvan Muxtar Respublikasına da aiddir. Muxtar respublika öz statusuna görə Azərbaycanın digər bölgələri ilə müqayisədə daha geniş hüquq və səlahiyyətlərə malik olsa da, onun xarici əlaqələri Azərbaycan qanunvericiliyi ilə kifayət qədər dəqiq müəyyən edilib. Təqdim olunan faktlardan da belə nəticə çıxır ki, Naxçıvan beynəlxalq əməkdaşlıq məsələlərində müstəsna olaraq Azərbaycanın xarici siyasət strategiyasına uyğun fəaliyyət göstərir.
