NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

ORDUBAD RAYONUNUN BİLƏV KƏNDİ: TARİXİ, ABİDƏLƏRİ

Xülasə

Məqalədə Ordubad rayonunun inkişaf etmiş yaşayış məskənlərindən biri olan Biləv kəndinin tarixindən və ərazisindəki abidələrdən bəhs olunur. Burada ilk növbədə “Biləv” oykonimi izah edilir, kəndin ərazisində mövcud olan tarixi abidələrdən Biləv yaşayış yeri, Babək qalası, Biləv qalası və Biləv körpüsü haqqında yığcam məlumat verilir. Həmşinin məqalədə kəndin ərazisində indiyədək qalan 10 ədəd epiqrafik abidə - kitabə tədqiqata cəlb olunmuşdur. Orta əsrlər dövrünə aid olan bu abidələrin təhlilinə əsasən aydın olur ki, kəndin əsası təxminən V-VII əsrlərdə qoyulmuş və o, inkişaf etmiş Orta əsrlər dövründə yüksək inkişaf səviyyəsində olmuşdur. Kənddə qeydə alınaraq tədqiq olunan daş qoç fiquru tipli qəbirüstü xatirə abidələri və onların üzərində həkk edilən kitabələr təsdiq edir ki, orada daş üzərində işləmə, bədii daşyonma sənəti üzrə mərkəz fəaliyyət göstərmiş və bu mərkəzdə dəyirman daşları, qoç fiquru tipli qəbirüstü xatirə abidələri və s. daş məmulatları hazırlanmışdır. Yerli əhali də şahidlik edir ki, kənddə “Elti dağı” və “Dəhnə dərə” adlı yerlərdə belə mərkəzlər fəaliyyət göstərmişdir. Böyük İpək Yolu marşrutları üzərində yerləşdiyi üçün kənd həmişə yüksək inkişaf səviyyəsində olmuşdur. Ona görə də Rusiya işğalından sonra Biləv 19 kəndi birləşdirən Biləv mahalının mərkəzi olmuşdur.