NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ VƏ MƏKTƏBLƏRİN İNFRASTRUKTURU: PROBLEMLƏR VƏ İSLAHATLAR (1995-2003-cü illər)
Xülasə
1995-2003-cü illər Naxçıvan Muxtar Respublikasında təhsil və elm sisteminin inkişafında mühüm mərhələdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra milli təhsil sisteminin infrastrukturunun müasirləşdirilməsi və təkmilləşdirilməsi, istiqamətində əsaslı islahatlara başlanıldı. Bu islahatlar Naxçıvanın təhsil mənzərəsinə əhəmiyyətli dərəcədə təsir göstərmiş, məktəbəqədər təhsil müəssisələri və məktəblərin infrastrukturunun müasir standartlara uyğunlaşdırılmsına imkan vermişdir. Məqalədə 1995-2003-cü illərdə Naxçıvan Muxtar Respublikasında təhsil infrastrukturunun problemləri, onların aradan qaldırılması üçün görülən işlər və islahatların təhlili aparılmışdır. Tədqiqatda arxiv sənədləri, statistik məlumatlar və elmi ədəbiyyatın təhlili kimi metodlardan istifadə edilmişdir. Məqalədə ilk dəfə olaraq, həmin dövrdə mövcud problemlərin aradan qaldırılması üçün həyata keçirilən tədbirlərin effektivliliyi qiymətləndirilmişdir. Müəyyən edilmişdir ki, 1991-ci ildən başlayaraq, məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunda müxtəlif problemlər meydana çıxmış və bu onların fəaliyyətinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərmişdi. Ən böyük çətinliklər maddi-texniki təminatın zəif olması və peşəkar kadr çatışmazlığı ilə bağlı olmuşdur. Ümumtəhsil məktəblərinin infrastrukturu həmin illərdə təkmilləşdirilməyə başlanmışdır. Təhsil müəssisələrinin binalarının təmir olunması, tədris avadanlıqlarının yenilənməsi və müəllimlərin peşə hazırlığının artırılması üçün işlər həyata keçirilmişdi. Naxçıvan Muxtar Respublikasının müxtəlif bölgələrində məktəblər üçün yeni tədris binalarının inşasına başlanmış, mövcud məktəblərin əsaslı təmiri aparılmışdır. Bu dövrün sonunda məktəbəqədər və ümumtəhsil məktəblərində müəyyən irəliləyişlər əldə edilsə də, təhsil infrastrukturunun tam şəkildə təkmilləşməsi üçün daha geniş və davamlı islahatlar ehtiyacı olduğu aydın olmuşdur. Həmin islahatlar isə 2003-cü ildən sonrakı mərhələdə - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hakimiyyəti illərində uğurla həyata keçirilmişdir.
