NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

REJİSSOR TƏHLİLİ PYESƏ MÜASİR YANAŞMA

Xülasə

Məlum məsələdir ki, teatr tamaşasının əsasında dramaturji material dayanır. Lakin tamaşanın müəlliifi rejissor olduğu üçün dramaturqun ortaya qoyduğu problemin müasirliyini mütləq önə çəkməlidir. Rejissor pyesə müəllifin fikirlərini təkzib etmədən müdaxilə etmək hüququna malikdir. Öz ali məqsədini təcəssüm etdirmək üçün rejissor çox zaman proloq və epiloqdan istifadə edir. Proloq və epiloq rejissor fikrini təcəssüm etdirən əsas vasitə kimi ilk növbədə dramaturji materialdan doğmalıdır. Bunun üçün əsərin bədii obrazını müəyyənləşdirmək başlıca şərtdir. Bədii obraz müəyyənləşdikdən sonra proloqu müəyyən etmək daha asan olur. Proloq ilk növbədə rejissorun tamaşaçıya nə deyəcəyi haqqında qıssa arayış, yəni rejissorun qaldırdığı problemin hansı formada təqdim ediləcəyi xəbəridir. Epiloq isə qaldırılan problemin həllinin nəticə göstəricisidir. Məqalədə ustad rejissorların iş metodundan nümunələr gətirərək fikri tamamlamağa çalışmışam. Bundan əlavə öz tamaşalarımın rejissor konsepsiyasını təhlil edərək proloqun yaranma prosesini əyani olaraq göstərməyə cəhd etmişəm. Həmçinin, tamaşanın bədii obrazının və rejissor fikrinin daha təsirli və aydın olması üçün köməkçi vasitələrin (dekor, işıq, musiqi) əhəmiyyətini göstərmişəm.