NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

DİETİLAMİNOMETİLFENİLTİOETANOL BİRLƏŞMƏSİNİN KUMOLUN OKSİDLƏŞMƏSİNDƏ ANTİOKSİDLƏŞDİRİCİ MEXANİZMİNİN ÖYRƏNİLMƏSİ

Xülasə

Tədqiqat işində baxdığımız birləşmənin antioksidləşdirici təsirinin mexanizminin öyrənilməsi məqsədilə onun iştirakı ilə kumolun oksidləşməsi prosesi araşdırılmışdır. İlk olaraq 1 – dietilaminometilfeniltioetanol – 1 birləşməsinin [İnH] iştirakı ilə 95 oC temperaturda kumolun avtooksidləşməsi öyrənilmişdir. Aydın olmuşdur ki, öyrənilən birləşmə kumolun oksidləşmə prosesini dayandırır. Kumolun avtooksidləşməsinin dayanması həm inhibitorun kumol. peroksid radikalı [ROo 2] ilə və həm də hidroperoksid kumolla [ROOH] reaksiyaları ilə əlaqədar ola bilər. Ona görə də yuxarıda qeyd olunan reaksiyalar ayrılıqda öyrənilmişdir. Birləşmənin (inhibitorun) peroksid kumolla reaksiyaları azodiizobutironitril [AİBN] inisiatorunun iştirakı ilə 60 oC temperaturda kumolun oksidləşməsində öyrənilmişdir. Alınan nəticələrdən aydın olur ki, öyrənilən inhibitor peroksid radikalı ilə qarşılıqlı təsirdə olur və kumolun oksidləşməsi prosesinin qarşısını alır. İnhibitorun peroksid radikalı ilə reaksiyasının stexiometrik əmsalı vahidə yaxındır. Öyrəndiyimiz birləşmənin peroksid radikalı ilə reaksiyasının sürət sabiti 1·10-3 l/mol san bərabərdir. Ancaq qeyd etmək lazımdır ki, öyrəndiyimiz birləşmənin kumol peroksid radikalı ilə reaksiyasının sürət sabitinin qiyməti 2,4 - dialkilfenolun uyğun reaksiyadakı sürət sabitinin qiymətindən aşağıdır. Tədqiq olunan birləşmənin hidroperoksid kumolla reaksiyası 80 və 90 oC temperaturlarında aparılmışdır. Alınan nəticələrdən aydın olur ki, öyrəndiyimiz inhibitor hidroperoksid kumolla qarşılıqlı təsirdə olur və reaksiyanın sürətinin tərtibi ikiyə bərabərdir. Müəyyən olunmuşdur ki, bir inhibitor molekulu 3 molekul hidroperoksid kumolu parçalayır.