MAHİRƏ NAĞIQIZININ POETİK DİLİ
Xülasə
Məqalədə Azərbaycan poetik dili haqqında danışılır. Bu məqsədlə Mahirə Nağıqızının poeziyası təhlilə cəlb olunur. Mahirə Nağıqızının şeir dili təbiiliyi, sadəliyi və saflığı ilə seçilən maraqlı mənbə kimi təhlil olunur. Şairə şeirdə xalqın ruhunu qorumaq kimi şərəfli bir vəzifəni yerinə yetirən söz adamı olaraq təqdim edilir. Bu məsələ əsl sənətkarlıq hesab olunur. Bu anlamda, Mahirə Nağıqızı müasir ədəbi-bədii dilimizi xalq danışığından gələn faktlarla zənginləşdirən yazar kimi qiymətləndirilir. Məqalədə şairənin dialektlərə münasibətindən də bəhs edilir. Onun şeirlərinin mətnində Azərbaycan dilini tərk edərək onun dialektlərində yaşayan bir sıra sözlərlə qarşılaşırıq. Dialektlər ədəbi dilə material verməkdən başqa, xalqımızın tarixini və dilini uzlaşdırmaqda əhəmiyyəti rol oynayan faktlar kimi dəyərləndirilir və onların bədii üslubda müəyyən qədər mövqeyə malik olması göstərilir. Bu sözlərin şerin dilini təbiiləşdirməsi əsaslandırılır. Bundan başqa, Mahirə Nağıqızının poetik dilimizdə yeni ifadələr yaratması məsələsinə də toxunulur. Şairənin dilində elə sözlər var ki, onlar hazırda Türkiyə türkcəsi üçün fəal mövqedə olsa da, Azərbaycan dilində unudularaq az işlənir. Belə sözlərin poetik dilə gətirilməsi təqdirəlayiq işlərdən biri sayılır. Məqalədə Mahirə Nağıqızının şeir dilindəki qafiyə və obrazlılığa da diqqət edilir. Qafiyə və obrazlılıq bədii dil üçün əsas şərtlərdən biri kimi mənalı məzmun və estetik gözəllik yaradaraq poetikliyi dərinləşdirən faktlardandır. Araşdırma göstərir ki, adi danışıq dili faktlarından ibarət olan söz və ifadələr poetik forma və məzmun qarşısında yeni imkanlar aça bilir. Mahirə Nağıqızının yaradıcılığı üzərində aparılan linqvistik araşdırma bir daha təsdiq edir ki, bədii əsərin taleyində dil aparıcı rola malikdir.
