AZƏRBAYCAN ƏMƏK BAZARININ MÖVCUD PROBLEMLƏRİ VƏ HƏLL İSTİQAMƏTLƏRİ
Xülasə
Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının gücləndirilməsinə, gender bərabərliyinin təmin edilməsinə və qeyri-rəsmi məşğulluğun azaldılmasına yönəlmiş dövlət strategiyalarının reallaşdırılması yalnız elmi əsaslandırılmış təhlillərlə mümkün ola bilər. Bu baxımdan, tədqiqat əmək bazarının problemlərinin dərinləşdirilmiş şəkildə araşdırılması və dayanıqlı inkişaf üçün praktik tövsiyələrin hazırlanması ilə diqqətəlayiqdir. Məqalənin əsas məqsədi Azərbaycanda əmək bazarının mövcud vəziyyətini, struktur xüsusiyyətlərini və sosial-iqtisadi inkişaf baxımından qarşıya çıxan problemləri araşdırmaqdır. Tədqiqat ölkənin iqtisadiyyatının hələ də yüksək dərəcədə neft sektorundan asılı olduğunu, bunun isə məşğulluğun davamlı inkişafına maneə yaratdığını göstərir. Xüsusilə gənclər arasında işsizlik nisbətinin yüksək qalması, qadınların əmək bazarında iştirak imkanlarının məhdud olması, qeyri-rəsmi məşğulluğun geniş yayılması və təhsil ilə əmək bazarının tələbləri arasında uyğunsuzluq mövzunun aktuallığını artıran əsas amillərdir. Tədqiqat metodoloji baxımdan deskriptiv statistika və müqayisəli təhlilə əsaslanır. İşsizlik göstəricilərinin illər üzrə dinamikası, sektorlar üzrə məşğulluğun bölgüsü, cinslər arasında fərqlər və qeyri-formal məşğulluğun payı statistik rəqəmlərlə təhlil olunmuşdur. Cədvəl və diaqramdan istifadə edilməsi nəticələrin aydın və müqayisəli təqdimatını təmin etmişdir.
