“DA VİNÇİ ŞİFRƏSİ” ROMANINDA ALTERNATİV GERÇƏKLİK VƏ DİNİ MİFİN BƏDİİ REKONSTRUKSİYASI
Xülasə
Məqalənin yazılmasında məqsəd Den Braunun “Da Vinçi şifrəsi” romanını alternativ tarix və dini mifin yenidən qurulması baxımından incələməkdir. Bu məqsədə çatmaq niyyət ilə bədii mətnin simvolik, eləcə də dini və tarixi yönləri aydınlaşdırılmış, gerçəklik və illüziya arasındakı sərhədlər üzərində bədii müşahidələr aparılmışdır. Belə ki, ilkin olaraq romanın fakt və fərziyyə yönləri müəyyən olunmuş, sonra əldə olunan yanaşmalar analitik şərhə cəlb edilmişdir. Yazarın bədii mətndə istifadə etdiyi simvollar, həmçinin dini və tarixi məqamlar postmodern estetika daxilində izah edilmişdir. Müəllif romanda fakt və absurdun sərhədlərinin pozulmasını postmodern yöndə oxucuya çatdırmışdır. Romandakı dini simvollar, eləcə də tarixi və alternativ təkliflər oxucuda empirik qeyri-müəyyənlik yaradır. Bundan əlavə, məqalədə postmodern nəzəriyyənin mətnlərarası əlaqə, simulyasiya, dekonstruksiya kimi bədii oyun texnologiyalarından istifadə edilmiş, məqalənin elmi-nəzəri quruluşu gücləndirilmişdir. Yazıçının alternativ gerçəklikdən məqsəd yox, vasitə kimi istifadə etməsi romanın bədii şərhinə töhfə vermişdir. Alternativ gerçəkliyin dini miflə paralel təqdimatı romanın fakt-fərziyyə keçidinin üzərində bir məna, estetik görüntü yaratmışdır.
