E-MAİLLƏR VƏ QISA MƏKTUBLARDA NƏZAKƏT İFADƏLƏRİNİN EFFEKTİV TƏRCÜMƏSİ
Xülasə
Müasir dövrdə texnologiyanın sürətli inkişafı və qlobal ünsiyyət imkanlarının genişlənməsi emaillər və qısa məktubların əhəmiyyətini əhəmiyyətli dərəcədə artırmışdır. Bu yazılı ünsiyyət formaları yalnız məlumat mübadiləsi üçün vasitə olmaqla qalmır, həm də müəllifin peşəkarlığını, sosial bilik və ünsiyyət bacarığını göstərən əlamətlər kimi çıxış edir. Düzgün nəzakət ifadələrinin, müraciət formalarının və yekunlaşma ifadələrinin seçimi və tərcüməsi, həm müəllifin qəbul edən tərəf üzərində yaratdığı təəssüratı formalaşdırır, həm də dil və mədəniyyət fərqlərini nəzərə alaraq sosial etiketi qoruyur. Bu tədqiqatın məqsədi e-maillər və qısa məktublarda istifadə olunan nəzakət ifadələrinin ən düzgün və effektiv tərcümə variantlarını müəyyən etmək, sistemləşdirmək və təhlil etməkdir. Araşdırmada müqayisəli metod tətbiq olunaraq ingilis dilindəki mətnlər və onların Azərbaycan dilinə tərcümələri müqayisə edilir, tərcümədə tez-tez rast gəlinən çətinliklər və uğurlu təcrübələr müəyyənləşdirilir. Xüsusi diqqət salamlaşma, müraciət və yekunlaşma ifadələrinə yönəldilir, çünki bu ifadələr yazılı ünsiyyətin nəzakətini qorumaqda əsas rol oynayır və mətnin tonunu, funksionallığını və təsir gücünü artırır. Tədqiqatın nəticələri göstərir ki, nəzakət ifadələrinin düzgün seçimi və tərcüməsi yazılı ünsiyyətin funksionallığını yüksəldir, mətnə uyğun emosional rəng qatır və müəllifin dil biliklərinin və mədəni biliklərinin göstəricisi kimi çıxış edir. Bu araşdırma tətbiqi tərcümə və sosiolinqvistika sahəsinə töhfə verir, həm tərcüməçilər, həm dil müəllimləri, həm də mədəniyyətlərarası ünsiyyət sahəsində fəaliyyət göstərən peşəkarlar üçün praktik məsləhətlər təqdim edir.
