GÖYÇƏ AŞIQ MƏKTƏBİ ŞAİRLƏRİNİN ƏSƏRLƏRİNDƏ İŞLƏNMİŞ SÖZ-İFADƏ YARADICILIĞI (AŞIQ NƏCƏF, AŞIQ ALI)
Xülasə
Göyçə aşıq məktəbi Azərbaycan xalq ədəbiyyatının mühüm qollarından biri olaraq özünəməxsus xüsusiyyətləri və üslubu ilə fərqlənir. Eləcə də, bu məktəbin şairləri söz yaradıcılığı ilə fərqlənib və Azərbaycan poeziyasının inkişafına mühüm töhfələr verib. Onların əsərlərində sözlərin xüsusi şəkildə seçilməsi, ifadələrin poetik gücü və məzmun zənginliyi diqqət çəkir. Məqalədə bu məktəbin şairlərinin əsərlərində söz-ifadə yaradıcılığı araşdırılır. Şairlər metaforalar, təşbehlər, deyimlər və atalar sözləri, simvolika, qafiyə və ritm kimi ədəbi vasitələrdən geniş istifadə edərək dilin zənginliklərini və xalqın mənəvi dünyasını ifadə ediblər. Belə ki, həmin məktəbin şairləri məcazlardan geniş istifadə edərək öz əsərlərində obrazlı ifadələr yaradıblar. Bu ifadələr vasitəsilə onların şeirləri daha təsirli və yaddaqalan olub. Məqalədə göstərilən misallar vasitəsilə aşıqların yaradıcılığı nümayiş etdirilir, onların əsərlərinin Azərbaycan dilinin inkişafına və xalq ədəbiyyatının qorunmasına böyük töhfə verdiyi vurğulanır. Göyçə aşıq məktəbinin şairlərinin sözifadə yaradıcılığı gələcək nəsillər üçün ilham mənbəyi olaraq qalır. Məqalədə nümunə olaraq Aşıq Nəcəf və Aşıq Alı kimi tanınmış aşıqların şeirlərindən misallar gətirilir. Bu tanınmış Göyçə aşıqlarının şeirlərində söz-ifadə yaradıcılığı onların poetik ustalığını və dil zənginliyini nümayiş etdirir. Onların əsərlərindəki məcazlar, təşbehlər, epitetlər və deyimlər Azərbaycan ədəbiyyatının qiymətli nümunələrindəndir və bu şeirlər vasitəsilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması, gələcək nəsillərə ötürülməsi təmin edilir. Göyçə aşıq məktəbinin şairləri dilin inkişafına və xalq ədəbiyyatının qorunub saxlanılmasına böyük töhfə verərək Azərbaycan ədəbiyyatının zənginləşməsinə və milli-mənəvi dəyərlərin yaşamasına xidmət etmişlər. Onların əsərləri dilin ifadə imkanlarını genişləndirir və gələcək nəsillərə xalqın keçmişini, mədəniyyətini öyrənmək üçün dəyərli bir mənbə təqdim edir
