BAKI TƏŞƏBBÜS QRUPU VƏ DEOKOLONİAL SİYASƏT: FRANSA VƏ QƏRB KOLONİALİZMİNƏ QARŞI YENİ GEOSİYASİ HƏRƏKAT
Xülasə
XXI əsrdə beynəlxalq münasibətlər sistemində güc münasibətlərinin transformasiyası və postkolonial dövlətlərin beynəlxalq sistemdə bərabər söz sahibi olmaq istəyi, dekolonial siyasətin aktuallaşmasına səbəb olmuşdur. Bu kontekstdə Azərbaycan Respublikasının təşəbbüsü ilə yaradılan Bakı Təşəbbüs Qrupu (BTQ), neokolonializmə qarşı beynəlxalq müstəvidə formalaşan yeni hərəkat kimi dəyərləndirilə bilər. Məqalənin məqsədi BTQ-nin yaranma zərurətini, fəaliyyət istiqamətlərini və Azərbaycanın Fransa və digər Qərb güclərinin kolonial siyasətlərinə qarşı irəli sürdüyü geosiyasi mövqeni təhlil etməkdir. Tədqiqatda normativ-siyasi analiz və postkolonial yanaşma əsas metodoloji çərçivə kimi istifadə edilmiş, BTQ-nin yalnız siyasi deyil, həm də mədəni və diplomatik platforma funksiyası kontekstində araşdırması aparılmışdır. Analiz zamanı BTQ-nin müxtəlif beynəlxalq forumlarda kolonial irsə qarşı çıxış etdiyi, eyni zamanda postkolonial ölkələr arasında əməkdaşlıq mexanizmləri qurduğu müəyyənləşdirilmişdir. Araşdırmanın nəticələrinə əsasən, BTQ yalnız regional təşəbbüs deyil, həm də beynəlxalq sistemdə ədalət, suverenlik və bərabərlik kimi prinsipləri müdafiə edən normativ platforma funksiyası daşıyır. Nəticə olaraq, məqalə göstərir ki, Azərbaycan dekolonial siyasəti vasitəsilə qlobal güc strukturunda yeni aktor kimi çıxış etməkdədir və BTQ bu prosesin əsas vasitələrindən birinə çevrilmişdir.
