MÜASİR AZƏRBAYCAN NƏSRİNDƏ QAÇQINLIQ PROBLEMİ: ŞƏRİF AĞAYAR NÜMUNƏSİNDƏ
Xülasə
Məqalədə müasir Azərbaycan nəsrində qaçqınlıq probleminin bədii və sosial-psixoloji aspektləri Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” romanı əsasında təhlil edilir. Tədqiqatın məqsədi əsərdə məcburi köç və yurd həsrəti kimi anlayışların necə poetik şəkildə təqdim olunduğunu, həmçinin bu təcrübənin fərdin psixologiyasına və kimlik axtarışına necə təsir etdiyini araşdırmaqdır. Metod olaraq əsərin mətni üzərində ədəbi-psixoloji və kontekstual təhlil aparılmış, həm bədii ifadə vasitələri, həm də obrazlar sistemi araşdırılmışdır. Eyni zamanda əsər Azərbaycanın ictimai-tarixi reallıqları fonunda nəzərdən keçirilmişdir. Tədqiqat nəticəsində müəyyən edilmişdir ki, roman yalnız qaçqınlığın fiziki reallığını deyil, həm də insanın daxili aləmində baş verən sarsıntı və dəyişiklikləri əks etdirir. Əsərdə yurd itkisi, ailə dağınıqlığı və mənəvi boşluq kimi motivlər ön plana çəkilir və müharibə sonrası travmalar fərdi talelər üzərindən təsvir olunur. Nəticə olaraq qeyd etmək olar ki, “Arzulardan sonrakı şəhər” romanı təkcə bir fərdin yox, bütöv bir nəslin və toplumun köç və itki təcrübəsini ədəbi dildə ifadə edən nümunəvi əsərdir. Bu baxımdan roman çağdaş qaçqınlıq ədəbiyyatında mühüm yer tutur.
