SİYASİ DİSKURSDA FRAZEOLOJİ VAHİDLƏRİN MANİPULYATİV POTENSİALI (AZƏRBAYCAN RESPUBİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN TVİTTER PAYLAŞIMLARI ƏSASINDA)
Xülasə
Bu tədqiqat Azərbaycan siyasi diskursunda frazeoloji ifadələrin manipulyativ potensialını araşdırır və onların siyasi ritorikada oynadığı rolu müəyyən etməyə çalışır. Xüsusilə, Prezident İlham Əliyevin Tvitter paylaşımlarında frazeologizmlərin istifadəsi analiz olunaraq, onların ictimai rəyə təsiri və kommunikativ funksiyaları dəyərləndirilmişdir. Araşdırmanın aktuallığı sosial şəbəkələrin, xüsusilə Tvitterin, müasir siyasi diskursda güclü kommunikasiya vasitəsinə çevrilməsi ilə bağlıdır. Tədqiqatın metodoloji çərçivəsi deskriptiv-analitik və diskurs təhlili metodlarına əsaslanır. İlham Əliyevin rəsmi çıxışları və Tvitter paylaşımları üzərində aparılan analiz nəticəsində müəyyən edilmişdir ki, frazeoloji ifadələr onun siyasi ritorikasında bir neçə mühüm funksiyanı yerinə yetirir. Birincisi, onlar ictimai emosiyaları istiqamətləndirərək, milli-mənəvi dəyərlərin vurğulanmasına və vətənpərvərlik ruhunun gücləndirilməsinə xidmət edir. İkincisi, opponentlərə qarşı ironiya və sarkazm elementi kimi istifadə edilərək, siyasi rəqiblərin arqumentlərini tənqid etmək və ictimaiyyətin baxış bucağını formalaşdırmaq üçün bir vasitə rolunu oynayır. Üçüncüsü, bu ifadələr informasiyanın manipulyativ potensialını artıraraq, siyasi mesajların daha təsirli çatdırılmasını təmin edir. Tədqiqatın nəticələri göstərir ki, frazeoloji ifadələr Azərbaycan siyasi diskursunda yalnız bədii nitq vasitəsi deyil, həm də strateji kommunikasiya alətidir. Prezident İlham Əliyevin Tvitter paylaşımlarında bu ritorik üsul effektiv şəkildə istifadə olunur və ictimai rəyə təsir etmək, siyasi mesajları gücləndirmək baxımından əhəmiyyətli rol oynayır. Araşdırma, frazeologizmlərin siyasi diskursdakı funksional yükünü izah etməklə yanaşı, onların informasiya manipulyasiyası və ictimai təsir mexanizmləri ilə əlaqəsini açıq şəkildə göstərir.
