NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

AZƏRBAYCAN DİLİNDƏ DÜZƏLTMƏ VƏ MÜRƏKKƏB FEİLLƏRİN DİAXRONİK-DİALEKTOLOJİ ASPEKTLƏRİ

Xülasə

Azərbaycan dilçiliyində feilin struktur cəhətlərinin tədqiqi zaman-zaman araşdırılmış və müzakirə mövzusu olmuşdur. Bu, bir tərəfdən feillərin birmənalı şəkildə milli mənşəli olması, feillərin tarix baxımından daha qədimliyi, qrammatik-semantik cəhətdən rəngarəngliyi və digər cəhətlərdən asılı olaraq izah oluna bilər. Feillərin quruluş məsələsi müasir ədəbi dil üzərindən öyrənildiyi üçün bəzən mübahisə doğuracaq fikirlər ortaya çıxır. Bu zaman faktın yeganə sübutu dilin dialekt və şivə materiallarıdır. İstər tarixi rekonstruksiya, istərsə də etimoloji məsələlərdə əsas yol feillərin kök və şəkilçilərinin morfonoloji aspektdən tədqiq olunmasıdır. Başqa sözlə, feilin quruluşca müəyyən olunması tədqiqat mövzusuna morfonoloji üsulla və diaxronik-dialektoloji tərəfdən yanaşma tələb edir. Çünki doğru nəticələr əldə etməyin yeganə yolu belədir. Qədim türk yazılı abidələrinin və klassik irsin dil faktlarına əsasən demək olar ki, ən məhsuldar feil düzəldən -la, -lə şəkilçi morfemlərin –la(n)2, -la(t)2, -la(ş)2 kimi inkişafı baş vermiş və sözyaratma prosesində lüğət tərkibini zənginləşdirmişdir. Araşdırmalar göstərmişdir ki, adlardan feil düzəldən morfemlər tarixən sabit qalmış, arxaikləşməmiş, fəal sözyaratma imkanlarını davam etdirmişdir. Azərbaycan dilində mürəkkəb feil məsələsinə morfonoloji yanaşma yeni deyildir. Araşdırmalara əsasən, ən qədim türk dillərinin öyrənilməsindən alınan fikir odur ki, daxili obyektli feillərin tarixi çox qədimdir. Maraqlısı odur ki, bu proses dialekt və şivələrdə fəal olmuş və daha çox qalmışdır.

İstinadlar -

  1. Adilov M. Əsərləri. II c., “Elm və təhsil”, Bakı, 2011
  2. Aslanov V. Daxili obyektli feillər və ellipsis haqqında bəzi qeydlər. Dilçilik məcmuəsi. Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960, s. 155.
  3. Azərbaycan dilinin dialektoloji lüğəti. “Şərq-Qərb”, Bakı, 2007
  4. Budaqova Z. Azərbaycan dilinin qrammatikası. I c., Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1960
  5. Cəfərov S. Cəfərova A. Feil tədrisinin nəzəri əsasları. Metodik vəsait. Bakı Universiteti nəşriyyatı, Bakı, 2003
  6. Cəlilov F. Azərbaycan dilinin morfonologiyası. Ali məktəblər üçün dərs vəsaiti. “Maarif”, Bakı, 1988
  7. Əliyeva Z. Müasir Azərbaycan dilində mürəkkəb feillər. Ədəbiyyat və Dil İnstitutunun Əsərləri, VIII c., Azərbaycan SSR EA nəşriyyatı, Bakı, 1957