NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

AZƏRBAYCANDA ÜZÜMÇÜLÜYÜN İNKİŞAFINDA DAĞLIQ ŞİRVAN İQTİSADİ RAYONUNUN ROLU

Xülasə

Məqalə Azərbaycanda üzümçülüyün inkişafında Dağlıq Şirvan iqtisadi rayonunun rolunun öyrənilməsinə həsr edilmişdir. Üzümçülük sahəsinin inkişafında Dağlıq Şirvan regionunun Azərbaycanda mövqeyi SSRİ və müstəqillik dövrləri üzrə müqayisəli şəkildə təhlil olunmuşdur. Məqalədə Dağlıq Şirvan iqtisadi rayonunun təbii şəraiti üzümçülüyün inkişafı baxımından qiymətləndirilmiş, üzüm əkini və yığımına görə region və inzibati rayonların Azərbaycanda pay göstəriciləri müəyyən edilmişdir. Tədqiqat işinin məqsədi üzüm əkmələri, yığım və məhsuldarlıq üzrə göstəricilərin dinamikasını araşdıraraq, regiona daxil olan hər bir inzibati rayonun inkişaf imkanlarını göstərməkdir. Üzümçülüyün inkişafının qanunvericilik bazası əsaslandırılmış, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi çərçivəsində aqrar-sənaye inteqrasiyası problemləri qeyd edilmişdir. Dağlıq Şirvan iqtisadi rayonunda kənd təsərrüfatının, xüsusilə üzümçülüyün prioritet sahə olduğunu nəzərə alaraq, sonda əsaslandırılmış nəticələr verilmişdir. Aparılan tədqiqat nəticəsində əldə edilən nəticələrdən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında istifadə etmək mümkündür