NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

MÜLKİ PROSESDƏ NÜMAYƏNDƏLİK İNSTİTUTUNUN NƏZƏRİ-HÜQUQİ PROBLEMLƏRİ

Xülasə

Mülki prosesdə nümayəndəlik geniş anlayışdır və hüquqi və fiziki şəxslərin mülki hüquq və azadlıqlarının müdafiəsi və yaxud da pozulduğu halda bərpası məqsədilə fəaliyyət qabiliyyətli şəxslər tərəfindən göstərilən yardım və ya sadəcə təmsilçilikdir. Hazırkı məqalədə Azərbaycan Respublikasının hüquq sistemində nümayəndəlik institutuna, xüsusilə də mülki prosesdə nümayəndəlik məsələlərinə xüsusi diqqət ayrılmışdır. Məqalədə mülki prosesdə nümayəndəlik institutunun anlayışı, mülki prosesdə nümayəndələrin fəaliyyəti zamanı meydana çıxan konseptual-hüquqi problemlər və onların həlli yolları ilə bağlı nəzəri məsələlər təhlil edilmişdir. Bu istiqamətdə elmi ədəbiyyatlardakı fikir müxtəlifliyi müqayisəli şəkildə tədqiq edilmiş, bəzi təkliflər də irəli sürülmüşdür. Mülki prosesdə nümayəndəlik institutu öz tarixi inkişaf tendensiyasına malik olan və özündə maddi və prosessual hüquq normalarını təcəssüm etdirən kompleks hüquq institutudur. Bu hüquq institutu subyektin obyektiv səbəblərdən müstəqil şəkildə məhkəmədə çıxış edə bilməməsi səbəblərindən meydana çıxmışdır. Nümayəndəlik institutu hüquqların real və tam həyata keçməsinin və hüququn subyektləri tərəfindən vəzifələrin icra edilməsinin əhəmiyyətli zəmanətlərindən biri kimi çıxış edir. Nümayəndəlik subyektiv hüquqların və vəzifələrin əldə edilməsi və realizəsi imkanlarını genişləndirir və yüngülləşdirir, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli vətəndaşlar üçün isə müvafiq hüquq münasibətlərində iştirakın bəzən yeganə əsası qismində çıxış edir. Prosessual nümayəndəliyin inkişaf tendensiyaları o haqda nəticə çıxarmağa imkan verir ki, nümayəndəlik institutu ona olan tələbatın artması səbəbindən daim yüksələn xətlə inkişaf etmişdir.