NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİNİN ELMİ ƏSƏRLƏRİ

SOSİO-EMOSİONAL KOMPETESİYALARIN AKADEMİK GÖSTƏRİCİLƏRƏ TƏSİRİ

Xülasə

Məlumdur ki, akademik göstəricilər təhsilaların bilik səviyyəsini müəyyən edir. Lakin araşdırmalar sübut edir ki, akademik göstəricilərə təsir edən müəyyən amillər təhsilalanın bilik səviyyəsini təyin etməkdə ziddiyyətli məqamları ortaya çıxarır. Bildiyimiz kimi təhsil sistemimizdə daha çox konkret biliklərin təhsilalana mənimsədiməsi əsas yeri tutur. Dəqiq elmlərin tədrisinə daha çox vaxt ayıraraq təhsilalanların maariflənməsinə daha çox yatırım olunur. Buna baxmayaraq bəzi təhsilalanlar verilən informasiyaları daha uğurlu dərk etsə də, bir çox təhsilalan tapşırıqların mənimsənilməsinə daha çox vaxt ayırmasına baxmayaraq daha aşağı nəticə göstərə bilir. Digər bir misal olaraq qeyd edə bilərik ki, bəzən özü ev şəraitində imtahanlarına hazırlaşan təhsilalan bir neçə müəllim yanında hazırlaşan təhsilalandan daha yüksək akademik nəticəyə sahib olur. Belə hallarda təsadüfi deyil ki, akademik göstəricilərinin çox yuxarı olmasına baxmayaraq bir çox məzunlar iş həyatlarında onlardan gözlənilən mövqeyə çata bilmirlər. Bəzən ümumiyyətlə iş tapa bilmirlər. Bu kimi bir neçə ziddiyyətli məqamlar təhsil işçilərini, pedaqoq və psixoloqları düşünməyə vadar edir. Təhsilalanların tədris proqramını nə dərəcədə mənimsədiyini təyin etmək üçün əsas vasitə akademik göstəricilərdir. Akademik göstərici təhsilalanın bilik səviyyəsinin müəyyən etmək üçün vacib və əsaslı sübutdur. Akademik göstəricilərə bir çox amillər təsir edir. Nümunə olaraq şəxsiyyət quruluşu, öyrənmə vərdişləri, motivasiya, valideynlərin münasibəti, sosial-iqtisadi vəziyyəti və s. qeyd edə bilərik. Araşdırmalar sübut edir ki, akademik göstəricələrə təsir edən ən güclü amillərdən biri sosio-emosional kompetensiyalardır. Məqalənin əsas məqsədi sosio-emosional kompetensiyalar ilə akademik göstəricilər arasındakı əlaqəni araşdırmaqdır.